Ölkə futbolunda ən böyük problem stadion çatışmazlığıdır.I və II Liqa təmsilçiləri oynamağa yer tapmırlar. Ən çox istimara qalan Binə stadionu və Şamaxı Olimpiya Kompleksidir. Qəsəbədəki məkandan I Liqanın iki - MOİK və "Şəfa", II Liqanın bir komandası - "Dinamo" istifadə edir.
Şamaxı Olimpiya Kompleksində də vəziyyət eynidir. Bu məkandan I Liqanın üç komandası - "Cəbrayıl", "Şimal" və "Şahdağ Qusar" istifadə edir.
Acınacaqlı durumdur. Görəsən, vəziyyət niyə belədir? Bir arenadan üç komandanın istifadə etməsi həmin stadionun da pis vəziyyətə düşməsinə səbəb olur. PFL bu məsələni necə tənzimləyir? Sualımızı qurumun Media və Marketinq direktoru Sənan Abdullayevə ünvanladıq. PFL rəsmisi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Bir komandanın mövsüm ərzində bir neçə stadiondan istifadə etməsi ilə bağlı tənzimləmələr var. Amma bir arenada bir neçə kollektivin oynaması ilə bağlı bir məhdudiyyət yoxdur. Bu praktika Avropada da var. Doğrudur, orada əsasən iki klubun eyni stadiondan yararlanması təcrübəsi daha üstünlük təşkil edir. Bizdə də oxşar problemlərdir. PFL olaraq biz də arzulayırıq ki, bütün komandalar öz bölgələrində, öz meydanlarında oynasınlar. Amma hamımıza çox yaxşı məlum olan infrastruktur məsələləri səbəbindən bu cür köməkçi addımlar atılır. Biz də istər Premyer Liqa olsun, istərsə də digər liqalarda bəzi komandaların mövsümün gedişində öz meydanlarına dönə biləcəklərinə ümid edirik".MİKAYIL HACIYEV
Sport1.az