İki gün əvvəl “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” üzərində 2:0 hesablı qələbə qazandı. Bu nəticə Azərbaycan çempionuna növbəti mərhələ öncəsi ciddi üstünlük verir. Bu gün isə Konfrans Liqasında iki təmsilçimiz – “Sabah” və “Araz-Naxçıvan” ilk oyunlarına çıxacaqlar.
Təmsilçilərimizin ümumi çıxışı ilə bağlı Azərbaycan millisinin sabiq futbolçusu Amit Quluzadə
Sport1.az saytına fikirlərini bölüşüb:
“Şkendiya məncə, “Qarabağ” üçün münasib rəqib idi. Səfərdə qazanılan qələbə göstərdi ki, “süvarilər” həm kağız üzərində, həm də meydanda favoritdir. Bakıdakı cavab görüşündə də “Qarabağ”ın qələbə qazanacağına və mərhələni adlayacağına inanıram. Növbəti mərhələdə mümkün rəqiblər – “Ludoqorets” və “Ferençvaroş” – tanış rəqiblərdir. Hər ikisinə qarşı əvvəlki illərdə uğurlu nəticələrimiz olub. Statistika və psixoloji üstünlük bizdədir. Düşünürəm ki, püşk “Qarabağ” üçün əlverişli oldu və bu komanda pley-offda da qalib gəlib, Çempionlar Liqasının qrup mərhələsinə yüksələcək.”
Konfrans Liqasında bu gün mübarizəyə başlayacaq “Sabah” və “Araz-Naxçıvan” barədə isə Quluzadə belə deyib:
“Hər iki komandamızın şansı 50/50-dir. Rəqiblərin – “Omoniya” və “Levski”nin avrokubok təcrübəsi olsa da, onları şişirtmək düzgün deyil. Futbolda keçilməz rəqib yoxdur. İlk oyundakı oyun və nəticə çox vacibdir. Təmsilçilərimizin mərhələ keçmək ehtimalı yüksəkdir – yetər ki, əzmkar olsunlar.”
Mirzə S.
Sport1.az