Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində iki Azərbaycan təmsilçisi – “Sabah” və “Araz-Naxçıvan” ilk oyunlarına çıxacaqlar. “Sabah” Bolqarıstanda “Levski”nin qonağı olacaq, “Araz-Naxçıvan” isə Naxçıvanda Kiprin “Omoniya” klubunu qəbul edəcək.
Matçlar öncəsi yığmamızın sabiq üzvü Ruslan Əmircanov təmsilçilərimizin şansları ilə bağlı
Sport1.az-a danışıb:
“Elmar Baxşıyevin “Araz-Naxçıvan”a gəlişi ilə komanda həm oyun planında, həm nizam-intizam baxımından çox irəliləyib. Avrokuboklarda debüt etmələrinə baxmayaraq, sanki illərdir bu səviyyədə çıxış edirlər. “Omoniya” güclü rəqibdir, lakin doğma meydanda oynamaq üstünlükdür. Əminəm ki, Elmar müəllim rəqibi yaxşı analiz edib və komanda qələbə üçün sona qədər mübarizə aparacaq.”
“Sabah” klubunun da inkişaf etdiyini bildirən Əmircanov, bunları əlavə edib:
“Masazır təmsilçisi son 4 oyunda yaxşı mübarizə apardı. “Çelye”yə qarşı keçə bilməsələr də, zəif oynamadılar. Dombrasukasın gəlişindən sonra Mikels, Şafranko və digər futbolçuların performansı artıb. İndi isə “Levski” ilə qarşılaşırlar. “Sabah” əvvəlki qələbələri unudub bu matça yeni səhifə kimi baxmalıdır. Səfərdə sərfəli nəticə çox şey müəyyən edə bilər. Hər iki klubumuza uğurlar arzu edirəm.”
Mirzə S.
Sport1.az