73 yaşlı Klaudio Ranyeri İtaliya millisinin yeni baş məşqçisi olmaq təklifini rədd edib.Sport1.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iyunun 9-da Moldova ilə keçirilən oyun (2:0) 66 yaşlı Luçano Spalletti üçün millidə sonuncu olub.
O, 2023-cü ildən "Squadra Azzurra"ya rəhbərlik edirdi.
Ranyeri bu təklifə görə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinaya təşəkkürünü bildirərək sözlərinə belə davam edib: "Mənim üçün böyük şərəfdir, lakin düşündüm və "Roma"da yeni vəzifəmdə qalmağa qərar verdim".
2024-2025-ci illərdə “Roma”nı çalışdıran Ranyeri hazırda klubun idarə heyətinin müşaviridir. O, məşqçilik karyerasının müxtəlif dövrlərində "Kalyari", "Yuventus", "Napoli", "Fiorentina", "İnter", "Monako", "Çelsi", "Fulhem" və digər komandalara da rəhbərlik edib.
Sport1.az