Dünən tarixi hadisə yaşadıq.
"Araz-Naxçıvan" Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"ə 2:1 hesabı ilə qalib gəldi. Muxtar Respublika təmsilçisi ilk avrokubok oyununda güclü Yunanıstan klubu üzərində qələbə qazandı.
Matç haqda daha geniş digər yazılarda bəhs edəcəm. Sizə protokol tribunasından danışmaq istəyirəm. Kimlər yox idi ki, orada? Gəlin, bir-bir deyim.
"Skyboks"un birində PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov, AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev əyləşmişdi. Digər - mərkəzdəki "skyboks"da isə Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov, AFFA-nın sabiq baş katibi/icraçı vitse-prezidenti Elxan Məmmədov və digər rütbəli şəxslər var idi. Maraqlı mənzərə idi. İndiki AFFA rəhbərliyi köhnələrlə yanaşı dayanmışdı.
Sanki tərəflər arasında bir güc nümayişi gedirdi. Bizim oturduğumuz tribunada hansısa rəssam əyləşsəydi, əla əsər ərsəyə gətirərdi. Maraqlı ad da qoymaq olardı: "İki klan arasında". Bu, həmin rəssamın şah əsəri olardı.
Zaur Axundov öz komandasına görə narahat idi. Oyun ərzində ayaqüstə dayanmışdı. Onu başa düşdük. Elxan Məmmədov ətrafa baxır, yanındakı şəxslərlə söhbətləşir, deyib-gülürdü. İndikilər bir az qəribə davranırdılar. Cahangir Fərəcullayev də narahat idi. Oyunu ayaqüstə izlədi. Onun narahatlığının səbəbini anlamadım. Sərxan Hacıyev isə sakitcə kənarda əyləşmişdi. Elə bil bir az məyus idi. Ya da peşman...
İLKİN SULTANLI
Sport1.az