Azərbaycanda yeni futbol klubu yaradılıb.
Sport1.az-ın əldə etdiyi məlumata görə, Qax rayonunu təmsil edəcək "Şəfəq" Peşəkar Futbol Klubunun fəaliyyətə başladığını rəsmi şəkildə elan edilib.
Yeni klubun yaradılması barədə yayılan açıqlamada qeyd olunur:
“Şəfəq” adı Qax rayonunda fəaliyyət göstərmiş ilk futbol komandasının ismini daşıyır. Bu adın seçilməsi həm tarixi mirasa hörmət, həm də yeni nəsil üçün bir motivasiya mənbəyi kimi qiymətləndirilir. "Şəfəq" müasir futbol sistematikasına əsaslanaraq fəaliyyət göstərəcək və ilkin mərhələdə AFFA Region Liqasında iştirak etməyi planlaşdırır. Bu məqsədlə klub idarəetmə strukturunun qurulması, futbolçu transferləri və digər texniki məsələlər üzərində işləməyə başlayıb.
Yaxın günlərdə klub tərəfindən sponsorluq məsələləri, əməkdaşlıqlar, heyət və liqa ilə bağlı əlavə məlumatların ictimaiyyətlə paylaşılması nəzərdə tutulur".
NİHAT KƏRİMLİ
Sport1.az