Konfrans Liqasında “Zirə” “Hayduk”a məğlub olaraq mübarizəni dayandırdı.İki oyuna nəzər yetirəndə qəsəbə təmsilçisi necə çıxış etdi?
Sualımızı Füzuli Məmmədova ünvanladıq. Mütəxxəsis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Püşkatma sonrası demişdim ki, ən çətin rəqib “Zirə”nin bəxtinə düşdü. “Hayduk” həm Xorvatiya çempionatında, həm də avrokuboklarda ənənəsi olan klubdur. Onların heyətində də keyfiyyətli oyunçular yetərincə idi. Buna rəğmən, “qartallar”ın hər iki oyunda güclü rəqibə qarşı layiqli mübarizə apardıqlarını düşünürəm. Həm Bakıdakı, həm də Splitdəki qarşılaşmalarda Rəşad Sadıqovun komandası 3-cü sahədə yaxşı pressinq tətbiq etdilər. Sadəcə, bir qədər bəxtsizlik və qırmızı vərəqə zirəlilərin bütün planlarını pozdu. Buna rəğmən, qəsəbə təmsilçisi oyundan qopmadılar və son dəqiqələrdə hesaba tarazlıq gətirərək ümidləri son qoymadılar və görüşü əlavə vaxta daşıdılar. Amma bu dəfə də rəqib cərimə zərbəsiylə yenidən hesabdakı tarazlığı pozdu. 10 nəfərlə oynayan komandamız nə qədər çalışsa da, ikinci qolu vura bilmədi. “Zirə” mərhələdən kənarda qalsa da, əsl xarakter göstərək döyüşdü. Rəşad Sadıqov və komandası xoş sözlərə layiqdilər. “Zirə”yə çempionatda uğurlar arzulayıram”.MİRZƏ S.
Sport1.az