Xəbər verdiyimiz kimi, "İnşaatçı" (Bakı) 30 illik fasilədən sonra fəaliyyətini bərpa edib. Sport1.az xəbər verir ki, komanda cari "futbol ili"ndə Region Liqasında çıxış edəcək.
Dünən turnirin yeni mövsümünün püşkü atılıb. Bakı təmsilçisi A qrupunda mübarizə aparacaq. "İnşaatçı"nın rəqibləri ŞKGB, “Şirvanovka”, “Gənclər”, “Lokomotiv”, “Ramana”, ATİDEL, “Record Club”dur.
Paytaxt klubu turnirin iddialılarından hesab olunur. "İnşaatçı" rəhbərliyinin əsas hədəfi turnirin qalibi olaraq II Liqaya vəsiqə qazanmaqdır. Bunu saytımıza açıqlamasında klubun idman direktoru Əsgər Cəfərzadə dedi:
"Dünən AFFA-da Region Liqasının püşkü atıldı. Komandaların rəqibləri bəlli oldu. 30 illik fasilədən sonra "İnşaatçı" klubu fəaliyyətini bərpa etdi. Çalışacağıq ki, uğurlu nəticələr əldə edək. Baxmayaraq ki, qrupumuzdakı rəqiblərimiz güclüdür. Martın 8-9-u çempionat start götürəcək. Mayın 25-i final oyunu baş tutacaq. Bütün kollektivlərə uğurlar arzu edirəm. Ümid edirəm ki, komandamız əzmkar mübarizə apararaq yekunda çempionluq əldə edəcək".
Sport1.az