"Turan Tovuz"un üzvü Ayxan Hüseynovun
Sport1.az-a müsahibəsi...
- Çətin şəraitdə keçən matçda "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdiniz. Görüş haqda fikirlərini bilmək maraqlıdır...- Çox vacib qələbə idi. İlk növbədə, hava durumuna, ikincisi isə "Şamaxı"nın öz meydanında çox yaxşı oyun göstərməsinə görə çətin qarşılaşma alındı. Hər iki komandanın qol vəziyyətləri oldu. Sevinirik ki, qolumuzu vura bildik.
- Oyundan öncə klub rəsmi olaraq bəyanat yaydı ki, hakim idarəçiliyinə şübhə edir. Bu səbəbdən də matçın təxirə salınmasını istəyir. Qarşılaşmada hakim idarəçiliyi ilə bağlı hansısa problem yaşandı?- Hakimlər də səhv edə bilər, insandırlar. Onlara da bu havada soyuqdur, çətindir. Görməyə bilərlər, bunu başa düşmək olar. Məncə, elə bir epizod olmadı ki, hansısa narazılıq doğursun.
- Matçın sonlarına yaxın Rikardo Fernandeslə üzbəüz qalsan da, fərqlənə bilmədin. Hətta qapıçını da keçdin...- Hər şeyi etdim, bütün meydanı gördüm, qapıçıdan başqa. Onun irəli çıxmayacağını və təkbətək qalacağımızı fikirləşirdim. Uzaqda olsaydı, sola çevirib vurardım, amma başımı qaldıranda gördüm ki, düz qarşımdadır. Sağa atıb qapını hədəf almağa çalışdım, o da alınmadı.
- Turnir cədvəlində 2-4-cü yerdə qərarlaşan komandalar arasında amansız mübarizə var. Bu gərginlik oyununuza mənfi, yoxsa müsbət təsir edir?- Turnir cədvəlində 2 - 4-cü pillədəkilər bir-birilərinə topladıqları xal baxımından yaxındırlar. Növbəti oyunun evimizdə "Zirə"yə qarşı olması bizə motivasiya verir. Maraqlı və çətin olacaq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Onların yaxşı komanda olduğunu hamı bilir. Amma evdə - azarkeşlərimiz önündə çıxış edəcəyimizdən, üstün tərəf bizik".
Sport1.az