Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümü start götürəcək.
İlk qarşılaşmada “Karvan-Yevlax” “Şamaxı”da “Qəbələ”ni qəbul edəcək. Bu oyunun favoriti hansı komandadır? “Karvan-Yevlax” meydan amilindən istifadə edəcək? “Qəbələ” Premyer Liqa təcrübəsindən yararlanacaq?
Suallarımızı Azər Bağırova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı fikirlərini
Sport1.az-a açıqlamasında bunları söylədi:
"İlk oyunda həyəcan daha çox olur. "Qəbələ" üçün çətin səfər oyunu olmayacaq. Çünki Şamaxı bu komandanın məskunlaşdığı şəhərə yaxındır. Oyunun süni meydançada keçirilməsi "Qəbələ" üçün problem yarada bilər. Onlar ilk dəqiqələrdə yüngül çətinliklər yaşaya bilərlər. Amma Kaxaber Sxadadzenin komandasını bu oyunda favorit hesab edirəm. Məncə, "Qəbələ" "Karvan-Yevlax"a nisbətən daha hazırlıqlıdır. Daha tez komplektləşib. İlk oyun, ilk qol çox şeyləri dəyişə bilər. Bildiyim qədər "Karvan-Yevlax" tərəfdən oyuna çox azarkeş gəlməyəcək. Oyun barədə çox danışmaq o qədər də asan deyil. İlk görüşdə hər şey baş verə bilər”.
XƏLİL İBADLI
Sport1.az