"Şəmkir" 2025/26 mövsümünü II Liqada 5-ci pillədə başa vurdu.
Redaksiyamıza Qərb təmsilçisi ilə bağlı maraqlı informasiya daxil olub. Bölgə təmsilçisi baş məşqçi ilə yolları ayırmaq niyyətindədir. Məlumatı dəqiqləşdirmək üçün Vüqar Nadirovla əlaqə saxladıq.
Mütəxəssis məsələ ilə bağlə Sport1.az-a açıqlamasında bunları söylədi:
“Klubla hazırda müqaviləm var. Buna baxmayaraq, mövcud vəziyyət ürəyimcə deyil. 7 aydır “Şəmkir”dəyəm. Yola saldığımız mövsümdə futbolçularımın fədakarlığı, klub rəhbərliyinin və fanatların köməkliyi ilə çempionatda pis çıxış etmədik. Amma mükafatçılar sırasına düşə bilmədik. Bunun da başlıca səbəbi yetəri qədər maliyyənin olmaması və istədiyim futbolçuları komandaya cəlb edə bilməməyimdir.
Məqsədli insanam. Odur ki, baş məşqçi kimi də hədəflərim yüksək olmalıdır. Gələn il orta sıralarda mübarizə aparacaq “Şəmkir” görmək istəmirəm. Başlıca məqsədim II Liqada çempion olmaqdır. Peşəkar çempionata vəsiqəni təmin etmək və daha da inkişaf etmək arzusundayam. Rəhbərliyə sözümü demişəm. Gələn mövsüm üçün lazımi büdcə ayrılmasa, onların məqsədləri ilə istəklərim uzlaşmasa, komandada qalmayacam. Təbii ki, yaxın zamanda klub rəhbərliyi ilə şərtləri müzakirə edəcəyi. Bundan sonra bütün məsələlər bəlli olacaq”.
MİRZƏ S
Sport1.az