"Sabah" tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.Sport1.az xəbər verir ki, əsas görüşdə Masazır təmsilçisi "Qarabağ"la görüşəcək. Bu hadisəyə ən çox sevinənlərdən biri də İqor Ponomaryovdur.
"Sabah"ın Müşahidə Şurasının üzvü ilə əlaqə saxlayaraq Azərbaycan Kubokunda finala vəsiqə qazanmaqları bağlı fikirlərini öyrəndik. Klub rəsmisi saytımıza açıqlamasında bunları söylədi:
“Ölkə kubokunda finala yüksəlməyimizə çox şadam. İllərlə bunun üçün mübarizə aparırdıq. Səylər göstərsək də, əziyyətlərimiz uğurlu alınmırdı. Nəhayət istəyimizi həyata keçirdik. Finaldayıq! Tarixi zəfərə bir addım qalıb. Matça gəlincə, çox maraqlı, gərgin və finala yaraşan 90 dəqiqə alındı. Bizə vacib olan hər iki görüşdə üstün oyun sərgiləyərək finala yüksəlmək idi. Rəqib komandanın da çox istəkli olacağını bilirdik. Çünki onların da titul qazanmaq üçün başqa şansları yox idi. Doğma publika qarşısında ilk yarıda “ağ-qaralar” meydanda üstün olsa da, fasilədən sonra biz dominantlıq sərgilədik. Çoxsaylı qol imkanlarımıza rəğmən son nöqtəni qoya bilmədik. Finala qələbə qazanmaqla yollanmaq istəyirdik. Düşünürəm ki, oyun yüksək səviyyədə keçdi və azarkeşlər qarşılaşmadan zövq aldılar. Bütün fanatlarımızı və bizə dəstək olanlara minnətdaram”.
Sport1.az