UEFA Çempionlar Liqasının II turunda "Qarabağ" "Kopenhagen"i məğlub etdi - 2:0Qarşılaşmadan sonra Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı
Sport1.az-a müsahibə verdi...
- Oyun haqda düşüncələrin nələrdir?- Ölkə futbolu adına çox böyük bir qələbə qazandıq. Buna görə çox sevincliyik. Hər zaman belə zəfərlər ilə azarkeşlərimizi sevindirmək istəyirik.
- 2 oyuna 6 xal qazandınız. Bundan gözəl başlanğıc təsəvvür etmək olmazdı. Nə deyə bilərsən?- Mən də bunun necə baş verdiyinə inana bilmirəm. Çoxları bizdən belə başlanğıc gözləməzdi. Görünən odur ki, futbolda hər şey baş verə bilir. Mən bu qələbələrin təsadüfi olduğunu düşünmürəm. Çıxdığımız hər bir oyunda layiqli qələbə qazanmışıq. Bu da o deməkdir ki, yaxşı komandamız var.
- Son dəqiqələrdə qaçırdığın qol epizodu səni məyus etdi?- Çox istəyərdim ki, qol olsun. Olacağı bu imiş.
- Bu oyununuzu Bilbao səfərində də göstərə biləcəksiniz?- Bunun üçün əlimizdən gələni edəcəyik. İşimiz budur.
- 6 xalınız var artıq. Bu nəticələr ilə siz ilk 24-lüyü hədəfləyəcəksiniz?
- Bu qələbələr ilə eyforiyaya qapılmaq istəmərik. Çalışacağıq ki, hər oyuna köklənək. Maksimum nəticə üçün meydana çıxacağıq.
MİKAYIL HACIYEV
Sport1.az