AFFA-nın açıqladığı yeni qaydalara əsasən, legioner futbolçular üçün ödənilən rüsumlardan toplanacaq vəsait Premyer Liqa klubları arasında bölüşdürüləcək.
Eyni zamanda, bu vəsait yerli futbolçuların oynadığı dəqiqələrə görə xüsusi əmsallarla hesablanaraq bonus şəklində klublara veriləcək. Yeni sistemin ədalətliliyi və effektivliyi isə futbol ictimaiyyəti tərəfindən müxtəlif cür qiymətləndirilir.
Mövzu ilə bağlı
Sport1.az-a danışan mütəxəssis Emil Şükürbəyli yeni qaydaların bəzi suallar doğurduğunu bildirdi:
"Açığı, qərarın gec verildiyini düşünürəm. Klublar üçün vacib olan maliyyə məsələsi artıq ilk turun 5 oyunu başa çatdıqdan sonra açıqlanır. Hər zamankı kimi, klubların bu yeniliyi ətraflı analiz etməyə, müsbət və mənfi tərəflərini öyrənməyə və buna uyğun hərəkət etməyə vaxtı qalmayıb. Nəzərə alsaq ki, klublarımızın əksəriyyətində peşəkar idarəçilik problemi var, bu məsələ daha da qabarıq şəkildə hiss olunur".
Mütəxəssis əlavə edir ki, bu tip sistemlər başqa ölkələrdə də tətbiq olunub, lakin onların effektivliyi sual altındadır:
"Tətbiq edilən sistem yeni deyil, bir neçə ölkədə sınaqdan keçirilib. Amma uğurlu alındığını demək çətindir. İşin içində maliyyə varsa, orada sui-istifadə halları da mümkündür. Ona görə də, şəffaflıq və nəzarət mexanizmləri öncədən hazır olmalıdır".
AFFA-nın yaratdığı fondun ümumi məbləği 1 milyon manat təşkil edir. Əgər bu vəsait klublar arasında bərabər şəkildə bölünsə, hər klub təxminən 83 min manat əldə edə bilər. Emil Şükürbəylinin fikrincə, bu məbləğ bir keyfiyyətli yerli oyunçunun və ya bir neçə perspektivli gəncin maliyyələşdirilməsi üçün yetərlidir.
Əmsal sisteminə əsasən, futbolçuların meydanda keçirdiyi dəqiqələr aşağıdakı kriteriyalara görə qiymətləndiriləcək:
Yerli futbolçu – 1.0 əmsal
21 yaşadək futbolçu – 1.5 əmsal
Klubun akademiya yetirməsi – 2.0 əmsal
Məsələn, "Qarabağ"ın gənc oyunçusu Nəriman Axundzadə hər üç kriteriyaya uyğun gəlir. Belə olan halda, onun bir oyunda iştirakı klubuna 180 xal qazandırır. Bu da mövsüm ərzində "Qarabağ"ın daha çox maliyyə əldə etməsi ilə nəticələnə bilər.
Digər tərəfdən, Emil Şükürbəyli qeyd edir ki, ilk turda ən çox yerli və akademiya yetirmələrinə şans verən klub "Qəbələ" olub. Bu baxımdan, bölgə təmsilçisinin də mövsüm sonunda ciddi bonus əldə etməsi ehtimal edilir.
"Bu iki klub arasında əsasən legioner və təcrübəli yerli oyunçulara güvənən klublar qərarlaşacaq. Onlar da müəyyən qədər bonus qazanacaqlar. Amma əgər məqsəd həqiqətən gənc yerli futbolçulara şans verilməsidirsə, o zaman sistem daha dəqiq işləməlidir".
Mütəxəssis son olaraq əlavə edir ki, bu bonusun uşaq futboluna yönləndirilməsi və xərclənməsinə nəzarət mütləq şəkildə təmin edilməlidir:
"Əgər məqsəd inkişafdırsa, vəsait yalnız akademiyalara, uşaq futboluna ayrılmalıdır. Eyni zamanda, AFFA bu vəsaitin məqsədəuyğun istifadə olunmasını da nəzarətdə saxlamalıdır. Əks halda, bu təşəbbüs də əvvəlkilər kimi sadəcə kağız üzərində qalacaq".NİHAT KƏRİMLİ
Sport1.az