Futbol üzrə Azərbaycan l Liqasına start verildi.
Mövsümün açılış matçında "Zaqatala" doğma divarlar arasında "Cəbrayıl"ı minimal hesabla (1:0) məğlub etdi. Oyunla bağlı zaqatalalıların baş məşqçisi Rüstəm Məmmədovun
Sport1.az-a qələbə şərhi belə oldu:
"Çempionatın ilk oyunları həmişə çətin olur. Odur ki, bizim üçün də çox ağır matç oldu. "Cəbrayıl" döyüşkən, əzmkar komandadır. Onlar bizə çətin anlar yaşatdı. Hesabı dəyişmək və məğlubiyyətdən qaçmaq üçün də mübarizə apardılar. "Zaqatala"nın tarixində ilk dəfədir ki, mövsümə qələbə ilə başladıq. Çalışacağıq ki, qələbəmizin ardı gəlsin".
Baş məşqçi komandasının çempionata hazırlıq səviyyəsi haqqında da söz açdı:
"Maliyyə problemlərimizin olması bizə mane oldu. Belə ki, son ana qədər taleyimizin necə olacağını bilmirdik. Yekunda sponsorla əməkdaşlığımız bəlli olduqdan sonra toplanışa başlaya və transferlər həyata keçirə bildik. Vaxt məhdudiyyətinə görə istədiyimiz kimi təlim-məşq prosesi keçə bilmədik. Ümümi götürəndə hazırlığımız qənaətbəxşdir, amma görüləcək çox işlərimiz var. Çempionatın gedişatında daha yaxşı formaya düşməyə çalışacağıq".
Mirzə S.
Sport1.az