"PSJ uzun müddət ərzində qurulmuş komandadır, biz isə işə yalnız indi başlayırıq".Sport1.az xəbər verir ki, bu sözləri "Real Madrid"in baş məşqçisi Xabi Alonso klublararası dünya çempionatının yarımfinalında PSJ-yə 0:4 hesablı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında deyib.
İspan çalışdırıcı uğursuzluğun səbəblərini belə izah edib:
"Biz meydanda özümüzə yer tapa bilmirdik. Asan deyildi. Fasiləyə qədər 3 top buraxmaq ağır idi. Biz əla formada olan rəqibə qarşı oynayırdıq. PSJ çox yüksək səviyyədədir. Bu komanda ilə oyunda başqaları necə əziyyət çəkmişdisə, bizə də elə çətin oldu. Start heyətdə bu qədər çox hücumçu buraxmaqla səhvə yol vermiş oldum? Şübhəsiz".Buna baxmayaraq, X.Alonso məğlubiyyətin rəhbərlik etdiyi kollektivə xeyir verəcəyini düşünür:
"Bu qarşılaşma bizə düşünmək üçün çox material verəcək. Biz öz-özümüzü tənqid etməyi bacarmalıyıq. Çünki bir çox nüansları yaxşılaşdırmaq üzərində çalışırıq. Məqsədimiz gələcəkdə rəqabətədavamlı daha yaxşı komanda qurmaqdır".Qeyd edək ki, bu, Xabi Alonsonun "Real Madrid"də baş məşqçi qismində keçirdiyi 6-cı rəsmi matçda birinci məğlubiyyəti olub.
Sport1.az