Azərbaycan futbolunda ədalətsizlik artıq fərdi səhvlər yox, sistemli problemə çevrilib.
Bəli, hakim insandır və səhv edə bilər. Amma bizdəki vəziyyət artıq “insani səhv” sərhədlərini çoxdan aşıb.
Hər turda eyni ssenari təkrarlanır, haqsız qərarlar verilir, zərbə alan komanda “Neftçi” olur. Son illərdə onsuz da çətin dövr yaşayan flaqman sanki AFFA-nın və Hakimlər Komitəsinin qurbanına çevrilib. Verilməyən penaltilər, rəqiblərə göstərilməyən qırmızı vərəqələr, VAR-ın susduğu epizodlar qeyri-adi situasiya formalaşdırır. Bütün bunlar sadəcə səhv ola bilməz...
Bir vaxtlar ölkə futbolunun flaqmanı olan “Neftçi” indi meydanda 11 nəfərlik rəqiblə deyil, həm də sistemlə mübarizə aparır. Bu klub Azərbaycan futbolunun təməl daşlarından biridir. Azarkeş ordusuna sahib, tarix yazmış bir komandaya qarşı belə davranmaq olmaz
Amma bu gün AFFA Hakimlər Komitəsinin biganə və bəzən qərəzli qərarları “Neftçi”ni çempionluq mübarizəsindın tədricən sıradan çıxarmağa xidmət edir.
Bütün bunlar təkcə “Neftçi”yə yox, ümumilikdə Azərbaycan futboluna zərbədir. Çünki bu gün Bakı təmsilçisinə edilən haqsızlıq sabah başqa klubun başına gələcək. Görsənir ki, Hakimlər Komitəsi artıq futbolun ədalət yox, maraqlar tərəfini qoruyur.
Bəli, “Neftçi” çətin dövrdən keçir. Amma bu komandanın tarixini, brendini və dəyərini heç kim silə bilməz. Azərbaycan futbolunda bir ədalət sistemi qurulmayacaqsa, bu idman növündən nə inkişaf, nə də ümid gözləməyə dəyməz.
HÜSEYN RƏŞADOĞLU
Sport1.az