Yay transfer dönəminin ən fəal klublarından olan “Neftçi” Premyer Liqada mövsümə uğursuz başlasa da, heyəti gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.Sport1.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın əsas transfer hədəfi Vensan Abubakardır. Lakin kamerunlu forvardla danışıqlar müsbət nəticələnməsə, klub rəhbərliyi alternativ variant kimi başqa hücumçunu gündəmə gətirib.
Söhbət Nigeriya millisinin üzvü Ayzak Saksessdən gedir. 29 yaşlı forvard hazırda azad agent statusuna malikdir və “Neftçi” ilə razılaşacağı halda, onun transferində heç bir maneə olmayacaq.
Əslində, “Neftçi”nin Saksessi heyətinə qatmaq niyyəti olmayıb. Lakin Abubakarla razılaşma baş tutmasa, Bakı təmsilçisinin danışıqlara nigeriyalı hücumçu ilə davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Ayzak Saksess karyerası ərzində İspaniyanın “Qranada”, “Malaqa”, İngiltərənin “Uotford”, İtaliyanın “Udineze” və son olaraq BƏƏ-nin “Əl-Vəsl” klubunun formasını geyinib.
NİHAT KƏRİMLİ
Sport1.az