Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Hayduk"la qarşılaşacaq "Zirə" Xorvatiyaya yollanıb.
Sport1.az-ın xəbərinə görə, komandanın iki aparıcı futbolçusu səfər matçına aparılmayıb. Söhbət mərkəz müdafiəçisi Anje Mutsinzi və yarımmüdafiəçi Brahim Konatedən gedir.
Ruandalı Mutsinzi sənəd probleminə görə bu görüşü buraxmalı olacaq. O, viza ala bilmədiyinə görə Xorvatiyaya gedə bilməyib. Klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə QOL.az-a açıqlamasında məlumatı təsdiqləyib.
"Zirə" rəsmisi "Hayduk"la ilk görüşdə zədələnən Brahim Konatenin də səfərə aparılmadığını deyib. Konatenin hazırkı durumu onun cavab matçında iştirakına imkan vermir.
Xatırladaq ki, "Zirə" ilə "Hayduk" arasında Bakıda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab matçı iyulun 31-də Splitdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Sport1.az