Dünən Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” doğma divarlar arasında “Kopenhagen”i qəbul etdi.Sport1.az xəbər verir ki, qarşılaşma ağdamlıların qələbəsiylə (2:0) başa çatdı. Bu zəfərlə bağlı veteran futbolçu Füzuli Məmmədov saytımıza fikirlərini fikirlərini açıqladı:
“Oyunun gərgin keçəcəyini əvvəlcədən bilirdik. Çünki “Kopenhagen” əvvəlki oyunda “Bayer Leverkuzen”ə qarşı üstün futbol sərgiləmişdi və son dəqiqələrdə qol buraxaraq qələbəni əldən vermişdi. Danimarkalılar sürətli əks hücumlarda, keçidlərdə və standart vəziyyətlərdə çox effektiv idi. Buna rəğmən “Qarabağ” cəbhəsi rəqibini son dərəcə yaxşı təhlil etmişdi. Təmsilçimiz rəqibin sürətli keçidlər etməsinə, topa nəzarəti ələ almaları və hücumlar etməsinə demək olar ki, imkan vermədi. Xüsusən də, ilk yarıda qonaqlar ciddi nəsə edə bilmədilər. “Kopenhagen” 2-ci və 3-cü zonalarda təzyiq göstərməyə çalışsa da, “süvarilər” onların bu niyyətlərini başa düşərək təsir altına düşmədilər. Hesabı açan Zubirin bir neçə dəfə də qol vurmaq imkanı olsa da, rəqib qolkiper effektli oynadı. Fasilədən sonra qonaqlar bərabərliyi təmin etmək üçün çox çalışdı, bir dəfə top qapı tirindən qayıtdı və bəxtimiz gətirdi. Amma Addai fərqi 2 topa çatdırdıqdan sonra rəqib sanki ruhdan düşdü. 3-cü dəfə də rəqib qapısına yol tapmaq olardı, amma futbolçularımız son nöqtəni qoya bilmədilər. “Süvarilər”in heyətində meydana sonradan çıxan oyunçular da özlərini yaxşı tərəfdən göstərdilər. Xülasə, ağdamlılar yalnız qələbə qazanmadılar, həm də ağıllı futbol sərgilədilər. Bu zəfər münasibətilə başda Qurban Qurbanov olmaqla bütün “Qarabağ” camiyasını təbrik edirəm”. Mirzə S.
Sport1.az