II Liqanın 4-cü turunda “Şəmkir” doğma publika qarşında debütant “Ağstafa Gəncləri”ni qəbul etdi. Sport1.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatdı (3:1). Şəmkirlilərin baş məşqçisi Vüqar Nadirov həm matç, həm də arxada qalan 4 turla bağlı saytımıza açıqlama verdi:
“Bizim üçün çətin matç alındı. Ağstafa təmsilçisi çempionatın debütantı olsa da, son dərəcə döyüşkən və istəkli komandadır. Amma biz oyundan qopmadıq və layiqli qələbə qazandıq. Arxada qalan 4 oyunumuzu nəzər salsaq, ümumi götürəndə vəziyyət gözlədiyimiz kimidir. Gəlin, açıq danışaq, sponsorumuz yoxdur, ona görə müəyyən çətinliklərimiz, əziyyətlərimiz mütləqdir ki, olacaq. Müasir futbolda pul çox məsələni həll etsə də, hər şey demək deyil. Kasad büdcəmizi, inadkarlıq, döyüşkənlik, bölgənin futbol ənənələriylə doldurmağa çalışırıq. Ən böyük dəstəyimiz şəmkirli fanatlarımızdı. Onların inamını doğrultmaq üçün hər oyunda qələbə qazanmaq istəyirik. “Şəmkir”in köhnə qüdrətini bərqərar etmək istəyirik”. Veteran futbolçu 3-cü turda sabiq komandası “Quba”ya (əvvəlki “Hypers Quba”) məğlubiyyətdən də söz açdı:
“Quba təmsilçisiylə görüş olduqca prinsipial qarşıdurma idi. Həmin matçda ilk qolu vuran komanda böyük ölçüdə qələbəni təmin edəcəkdi. Buna rəğmən meydanda sərgilədiyimiz oyuna baxanda 90 dəqiqənin ədalətli nəticəsi heç-heçə idi. Qubalılara məğlubiyyətdən yaxşı dərs çıxardıq. Həmin qarşılaşmadan sonra anladıq ki, artıq mövsümdə məğlub olmağa haqqımız yoxdur”. Mirzə S.
Sport1.az