Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ" səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub etdi.Ağdam təmsilçisinin qələbəsi ilə bağlı fikirlərini öyrənmək üçün Aslan Kərimova müraciət etdik.
Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Azarkeşlərin mütləq əksəriyyəti, o cümlədən də mən "Qarabağ"ın qələbə qazanacağını düşünmürdüm. Amma təmsilçimizin əzmkarlıq sərgiləyəcəyini gözləyirdim. Matç ağdamlılar üçün yaxşı başlamadı və erkən qollar buraxdılar. "Qarabağ"ın ən zəif yeri standart vəziyyətdir. Rəqib bundan istifadə edə bildi. Portuqaliyalıar mərkəzdən hücumlar təşkil edirdilər. Yarımmüdafiə xətti 2-3 ötürmə ilə müdafiəni yarmaq istəyirdi. Hesab 2:0 olandan sonra meydan sahibləri qarşılaşmanın daha rahat keçirəcəyini düşünürdü. Amma "Qarabağ"ın fərqi azaltması bizim ümid, onlara bəla oldu.
Fasilədən sonra daha kreativ, alışdığımız dominant oyun sərgiləyən "Qarabağ" gördük. 2-ci qolu vurduqdan sonra portuqaliyalılar daha çox hücum etməyə başladı ki, bu da bizə xeyir gətirdi. Qurban Qurbanovun komandası rəqibini əks hücumlarda yaxaladı və hesabda önə keçdi. Hesab 3:2 bizim xeyrimizə olandan sonra da "Qarabağ"ın fərqi artırmaq şansları vardı. Ümumi götürənda komandamız əzmkar, döyüşkən oyun sərgiləməklə geridönüş edə bildi. Onları təbrik edirəm. Qarşıda "Kopenhagen"lə daha çətin qarşılaşma gəlir. Amma həmin oyunda ağdamlıların daha çox qol şanları olacağını düşünürəm". MİRZƏ S.
Sport1.az