A Seriyasının 6-cı turunda bu gün “Milan” öz meydanında “Yuventus”u qəbul edəcək.
Sport1.az xəbər verir ki, “Milan”ın baş məşqçisi Massimiliano Alleqri qarşılaşma öncəsi keçmiş komandası barədə fikirlərini bölüşüb.
İtaliyalı mütəxəssis 2010–2014-cü illərdə “Milan”a rəhbərlik edib, daha sonra iki dəfə “Yuventus”da (2014–2019, 2021–2024) çalışıb. O, 2025-ci ilin yayında yenidən “Milan”a qayıdıb. “Bu həftə mənim üçün adi keçdi. Ümid edirəm ki, burada da “Yuventus”da olduğu qədər uzun müddət qalacağam. Çünki bu, “Milan” kimi böyük klubda çox vaxt keçirmək deməkdir”, – deyə Alleqri bildirib.
Qisas hissi barədə suala cavab verən təcrübəli mütəxəssis əlavə edib: “Qətiyyən yox. “Yuventus”a keçəndə dörd gözəl il üçün “Milan”a təşəkkür etdim. İndi isə “Yuventus”a minnətdaram. Hər iki klubda, fərqli rəhbərliklərlə işləmək mənim üçün böyük təcrübə oldu. Bu dəfə isə ehtiyat oyunçular skamyasında oturacağam, çünki artıq bir neçə dəfə cəzalı vəziyyətdə olmuşam”.
Sport1.az