Azərbaycan Premyer Liqasının 7-ci turunda “Araz-Naxçıvan” – “İmişli” qarşıdurması baş tutdu.
Sport1.az xəbər verir ki, naxçıvanlılar qonaqları iki top fərqiylə (2:0) məğlub etdilər. Görüşlə bağlı bölgə təmsilçisinin futbolçusu Vüsal Qənbərov saytımıza açıqlamasında bunları dedi:
“Bu qarşıdurmaya ciddi hazırlaşmışdıq. Məqsədimiz ən azı 1 xal götürmək idi. Fikirimcə, pis də oynamadıq. Hətta rəqib hesabı açadan sonra ruhdan düşməyib qollar axtarışında olduq. İki dəfə penalti vurmaq şansımız oldu. Birinci də hakim VAR-a baxdıqdan sonra “11 metrə”ni ləğv etdi. İkinci dəfəsində isə cərimə zərbəmiz tirdən qayıtdı. Düşünürəm ki, həm bəxtsizlik, həm də qırılma anı bu oldu. 100% qol imkanını qaçırdıqdan sonra meydan sahibləri son dəqiqələrdə hesabı 2:0 etdilər. Buna baxmayaraq, ruhdan düşməyərək, səhvlərimizi diqqətlə analiz edəcək, baş məşqçimizin göstərişlərini daha yaxşı icra edəcəyik. Qarşıda bizi ağır “Qəbələ” səfəri gözləyir, həmin görüşdə uğurlu nəticə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.
Mirzə S.
Sport1.az