AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə bağlı mühüm qərar qəbul edilib.
Sport1.az xəbər verir ki, qərara əsasən, 2025/2026-cı illər mövsümündə Premyer Liqaya yüksələcək, lakin son üç mövsümdə bu liqada iştirak etməmiş klublara – Karvan-Yevlax FK və İmişli FK – infrastruktur, inzibati və texniki sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün bir mövsümlük xüsusi möhlət verilib.
Bu möhlət çərçivəsində aşağıdakı güzəştlər tətbiq olunur:
Məşqçi lisenziyaları ilə bağlı güzəşt: Klubların nəzdində çalışan məşqçilərin UEFA Lisenziyalaşdırma qaydalarına uyğun olaraq tələb olunan məşqçilik dərəcələri bir kateqoriya aşağı səviyyədə qəbul ediləcək. Bununla belə, məşqçilərin lisenziyası UEFA C kateqoriyasından aşağı olmamalıdır.
İnkişaf komandalarının iştirakına möhlət: Yeni yüksəlmiş klubların U-16, U-17, U-19 və əvəzedici komandaları 2025/2026 mövsümündə müvafiq liqalarda iştirak etməyə bilərsiz.
Bu qərar, Premyer Liqanın genişləndirilməsi fonunda yeni klubların liqaya daha sağlam şəkildə inteqrasiya olunması və inkişaf planlarının mərhələli şəkildə həyata keçirilməsini hədəfləyir.
Sport1.az