Bu mövsüm I Liqadan Premyer Liqamıza 3 klub yüksəlib: "Qəbələ","Karvan və "İmişli". Sadalananların içərisində 1 klubda infrastruktur yaxşı vəziyyətdədir. Söhbət "Qəbələ"dən gedir. Bu məsələ ilə bağlı AFFA "İmişli" və "Karvan"a 1 illik möhlət verib.
Görəsən, bu klublardan hansı qarşıya qoyulan məqsədləri daha tez yerinə yetirəcək? Sualımızı Emil Şükürbəyliyə ünvanladıq. Tanınmış agent
Sport1.az-a açıqlamasında məsələ ilə bağlı bunları söylədi:
"Bu mövzu əslində proqnoz olduğu üçün biraz qəlizdir. "İmişli"dən fərqli olaraq, "Karvan"ın stadionu və bazası özünə məxsusdur. Bu mövsüm Yevlax təmsilçisinə rekonstruksiya üçün 5 yüz min və ya 1 milyon manat lazım olacaq. "Karvan" keçmiş günlərinə qayıtmaq istəyirsə, kisənin ağzını açmalıdır. "İmişli"də isə hələ də stadion icarəsi və ot örtüyü kimi problemlər davam edir. Lakin, klub rəhbərliyi bu mövzunu həll etmək niyyətindədir. Hər iki problem ortaq olsa da, həll yolları bəsit və bir az fərqlidir." E. Şükürbəyli 2025/26 mövsümündə hansı klubun daha uğurlu olacağından da bəhs etdi:
"Söhbət "Karvan" və "İmişli"dən getsə də, digər 10 klubu yaddan çıxartmamalıyıq. Bu mövsümə nəzər yetirsək, "Səbail"in büdcəsi "Kəpəz" və "Şamaxı"dan çox olsa da, sonda Premyer Liqanı tərk etdilər. Bu da büdcədən daha çox transfer və düzgün idarəetmə ilə bağlıdır. Hər iki klubun heyətində Premyer Liqa üçün çatışmazlıqlar var. Hansı klub bu mövzuda düzgün addımlar atarsa, sözsüz ki, daha uğurlu məhz həmin kollektiv olacaq."EMİN ZEYNALLI
Sport1.az