Misli Premyer Liqasının 28-ci turunda "Neftçi" - "Araz-Naxçıvan" (1:1) matçından sonra keçirilən mətbuat konfransında Samir Abasov maraqlı fikirlər səsləndirdi.Sport1.az xəbər verir ki, mütəxəssis millidə Rza Cəfərovun zədəli oynadıldığını bildirdi:
"Hər bir azərbaycanlı millimiz uduzduğu üçün üzülür. Psixoloji durumdan əlavə, fiziki vəziyyətləri də oradan gələndən sonra yaxşı deyildi. Bir az Rza Cəfərovun zədəsi narahat edir. Zədəli-zədəli də Belarusla oyuna buraxmışdılar. Bilmirəm, niyə? Belə məqamlar bizi narahat edir. Rzanı itirə bilərik. Elvin Camalov psixoloji durumdan görünürdü ki, yaxşı deyil. O, burada uduzanda da, çox əsəbiləşən biridir. Xarakterli uşaqdır. Onunla danışdım. Deyiləsi bir şey yoxdur".Görəsən, Fernandu Santuş Rzanı zədəli-zədəli meydana buraxıb? Məsələ ilə bağlı millinin çalışdırıcısı AFFA-nın rəsmi saytına açıqlama verib:
"Milli komandanın toplanışları zamanı futbolçuların fiziki durumu, məşqə və ya oyuna hazır olub-olmamaları ilə bağlı hər gün tibbi heyətdən tibbi arayış alıram. Belarus yığması ilə matç üçün tibbi rəydə hazır olmadığı göstərilən yeganə oyunçu Şahrudin Məhəmmədəliyev olub. Qapıçımızla aramızda söhbət olub, bundan sonra o, toplanışdan azad edilib və yerinə Əlirza Müştabazadə dəvət olunub. Ümumiyyətlə, məşqçi karyeram ərzində heç vaxt "oynamağa hazır deyil" diaqnozu qoyulan futbolçunu oynatmamışam. Rza Cəfərovun sağlamlıq durumu qaydasında olduğu üçün meydana o çıxıb və çox yaxşı çıxış edib".
Sport1.az