UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” “Benfika”nın qonağı oldu.
Ağdam təmsilçisi Lissabonda 3:2 hesablı qələbə qazandı.
"Köhlən atlar"ın tarixi qələbəsi haqda fikirlərini səsləndirməsi üçün Arif Əsədova müraciət etdik. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Qarabağ”ı, futbolçularını, məşqçilər korpusu və rəhbərliyini təbrik edirəm. Belə qələbə ilə Azərbaycanın futbol ictimaiyyətini sevindirdilər. Oyundan qabaq favorit olaraq hamı “Benfika”nı görürdü. Matçın ilk dəqiqələrində də rahatlıqla bunu deyə bilərdik. Ev sahibləri güclü azarkeş dəstəyi ilə komandamıza təzyiq göstərərək 2 erkən qol vurdu. Lakin təmsilçimiz ruhdan düşmədi. Əzm göstərərək hesab arasındakı fərqi minimuma endirdi. Bu qol ilə ağdamlılar özünəinamı geri qaytardı. İkinci qoldan sonra isə rəqib şokda idi. Komandamız verilən taktiki təlimatlara düzgün əməl etdi. “Benfika”ya qarşı ikinci zonada yaxşı oyunu qurmuşdu. Kompakt oyun nümayiş etdirməklə rəqibdən topu alaraq əks hücumlar qurmağa çalışırdı. Edilən dəyişikliklər də komandanın xeyrinə işlədi. Sonradan meydana daxil olan Aleksey Kaşuk “köhlən atlar”a 3 xalı qazandıran qolu vurdu. Bu oyuna əsasən onu deyə bilərik ki, "Qarabağ" istənilən top kluba qarşı oynayaraq qələbə qazana biləcək gücdədir”.MİKAYIL HACIYEV
Sport1.az