Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk oyunları keçiriləcək. Təmsilçimiz “Qarabağ” Avropanın ən vacib klub turnirində mübarizəyə başlayacaq. Komandamız “Benfika”nın qonağı olacaq.
Görəsən, “köhlən atlar” səfərdən sərfəli nəticə ilə dönə biləcək? Ağdam təmsilçisi bu görüşdə hansı nəticəni əldə edə bilər?
Sualımızı Fərid Namazova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasından bunları söylədi:
“Oyunun çətin keçəcəyi aşkardır. “Benfika” yüksək təzyiq göstərən və topa sahib olmağı sevən komandadır. Üstəlik, öz meydanlarında, azarkeşlərin dəstəyi sayəsində yüksək motivasiya ilə oynayan komandadır. Oyun çox ağır keçəcək. Lakin “Qarabağ”ın son illərdə avrokuboklarda qazandığı təcrübəyə əsasən deyə bilərəm ki, “Benfika”nın bu günkü qarşılaşmada xal itirmək şansı var. Oyunun ilk 20-25 dəqiqəsində yaxşı müdafiə oluna bilsək, bunun ardını gətirə bilərik. Rəqib güclü pressinq və hücumlar edən komandadır. “Qarabağ” erkən qol buraxmasa, bu qarşılaşmadan xalla ayrıla bilər. Təkcə “Qarabağ” yox, böyük klublar da “Benfika”nın meydanında oynayarkən əziyyət çəkirlər. Məqsədimiz xal götürmək olmalıdır. Bu, çətin olsa da, mümkünsüz deyil”.MİKAYIL HACIYEV
Sport1.az