"Şəki"nin kapitanı Cavid İmamverdiyevin Sport1.az-a müsahibəsi...-
"Qaradağ Lökbatan"a 2:3 hesabı ilə uduzdunuz. Bu, mövsümdə ilk məğlubiyyətiniz idi. Nə baş verdi?- İlk hissədə meydanda istədiyimiz oyunu sərgiləyə bilmədik. Olduqca sistemsiz, zəif çıxış etdik. Rəqibin hesabı açmasına şərait yaratdıq. Fasilədən sonra isə tədricən toparlanmağa çalışsaq da, heç nədən iki qol buraxdıq. Hesab 3:0 olandan sonra daha aqressiv və dominant futbol oynamağa başladıq. Mövsümdəki ilk ev oyunumuzda qələbə qazanmaq, ən azı məğlubiyyətdən qaçmaq istəyirdik ki, alınmadı. Futboldur. Udmaqla yanaşı, uduzmağı da gözə almalısan. Bu məğlubiyyətdən dərs çıxararaq qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq.
-
Əvvəlki iki turda maksimum nəticə göstərmişdiniz. Hətta "Araz Saatlı"nı səfərdə 12 qol vurmaqla darmadağın etmişdiniz. Ardıcıl qələbələr komandada arxayınlaşmasına səbəb olmayıb?- Qətiyyən! Bundan söhbət belə gedə bilməz. Hər oyuna qələbə üçün çıxırıq, məqsədimiz çempionluqdur. Təcrübəli və gənc futbolçuların vəhdətindən qurulan komandayıq. Könül istərdi ki, "Qaradağ Lökbatan"ı da məğlub edib, uğurlu seriyamızı davam etdirək. Amma alınmadı. Mövsüm hələ yeni başlayıb. Ruhdan düşməyib, irəli boylanacaq və addımlayacağıq.
-
Meydanda əzmkarlığın və dubl etməyinlə diqqət çəkdin. Bu barədə nə deyə bilərsən?- Qollar vurduğuma görə sevincliyəm. Çox istəyərdim ki, fərqlənməyimlə komandamın qələbəsinə də tövhə verim. Çalışacam ki, gələn oyunlarda qollarımla yanaşı, "Şəki"nin qalib gəlməsinə də sevinim.
-
Hazırda bombardilər yarışında lidersən. Sona qədər əlçatmaz qala biləcəksənmi? - Əsas məqsədim həmişə komandama faydalı olmaq olub. Şəxsi uğurlarımı ikinci planda görmüşəm. Bu il çempion olmağımızı çox istəyirəm. Təbii ki , qollarımı sıralayıramsa, hamını qabaqlayaraq bombardirlik taxtında da əyləşmək arzusundayam.
-
Hazırda yaxşı formadasan. Yaxın gələcəkdə səni I Liqa və ya elitada görə bilərik? - Futbolda hər şey ola bilər. Peşəkar liqalarda oynamağım istisna deyil. Hazırda bütün diqqətimi komandamın daha da inkişaf etməsinə və irəliləməsinə yönəltmişəm. "Şəki"də həm baş məşqçimiz, həm rəhbərlik, həm də futbol kollektivim, yaxşı, hörmət etdiyim kəslərdir. Çox istəyərdim ki, Şəki təmsilçisiylə çempion olaraq I Liqada çıxış edim.
-
Yetirməsi olduğun "Neftçi" axır ki, mövsümdə ilk qələbəsini qazandı. Bu barədə nə deyərdin?- "Neftçi"nin pis günlərində üzülən, uğurlarına sevinən adamam. "Ağ-qaralar"ın "Sumqayıt" üzərində qələbəsinə görə çox sevinirəm. Başda Samir müəllim olmaqla bütün komandanı təbrik edirəm. Arzu edirəm ki, bu qələbənin ardı gələr...
MİRZƏ S.
Sport1.az