I Liqanın III turunda "Səbail" doğma divarlar arasında "Şahdağ Qusar"ı qəbul etdi.
Sport1.az xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə başa çatdı. Bölgə təmsilçisinin baş məşqçisi Elnur Abdullayev matçla bağlı saytımıza açıqlama verdi:
"Çempionluğa iddialı komandaya qarşı oynadıq. Rəqibin heyətində elita təcrübəsinə malik futbolçular çoxdur. Biz isə yeni yaranan və heyəti əsasən gənc və təcrübəsiz futbolçulardan ibarət olan bir komandayıq. Maliyyə baxımından da çətinliklərimiz var. Futbolçularım və azarkeşlərim məni səhv başa düşməsin, amma hər mövqeyə rəqabət aparmaq üçün yaxşı transferlər lazımdır. Sponsorumuzun olmaması isə bizi geri atır. Buna rəğmən, yetirmələrim meydanda yaxşı mübarizə apardılar. Bizim çox güclü "12-ci oyunçu" amilimiz var. Fanatlarımız hər turda, istər səfər, istərsə də ev oyunlarımızda dəstəyini əsirgəmirlər. Belə azarkeşi olan klub, yaxşı yerlər uğrunda mübarizə aparmağa layiqdir. Turdan-tura daha yaxşı çıxış edəcəyimizə inanıram".Mirzə S.
Sport1.az