II Liqada çempion olaraq I Liqaya vəsiqə qazanan “Şahdağ Qusar”da problemlər səngimək bilmir. Komanda bütün futbolçularla yolları ayırıb. Kollektiv hazırlıq prosesi keçə bilmir. Qusar təmsilçisinin yaşayıb-yaşamayacağı da sual altındadır. Klubun nə prezidenti, nə də sponsoru var. Bölgə təmsilçisinin yaşaması üçün Futbol İnkişaf Fondu hansı işləri görür?
Sualımızı qurumun sədri Tural Piriyevə ünvanladıq. FİF rəsmisi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Şahdağ Qusar”ın gələcək taleyi ilə bağlı onu əminliklə deyə bilərik ki, klub yaşayacaq. Hazırda komandada təhvil-təslim prosesi gedir. Bu proses başa çatdıqdan sonra qusarlılarda idarə etmə strukturunun hansı formada olacağı dəqiqləşəcək. Hələlik AFFA-dan gələn bəlli vəsait var, onun əsasındada planlama aparılacaq. FİF olaraq biz də klubun əlavə gəlir mənbəyinin olması üçün sponsor axtarışlarını davam etdiririk. Bu məsələylə bağlı Qusar rayon icra hakimiyyətinin başçısı və bir çox sahibkarlarla da görüşlər keçirmişik. İnvestor axtarışları üçün kiçik sahibkarlarla da görüşürük. Bundan başqa, “Biznes Klub” formatının da tətbiq olunması üçün işlər aparırıq. Yaxın günlərdə ianə layihəsinin də həyata keçirilməsinə çalışacağıq. Maksimum çalışırıq ki, “Şahdağ Qusar”ı ayaq üstə saxlayaq”.
MİRZƏ S.
Sport1.az