Ölkəmizdə keçirilən III MDB Oyunlarında kişilər arasında komanda yarışlarında stolüstü tennis üzrə Azərbaycan millisi finala vəsiqə qazanıb.
Yığmamızın baş məşqçisi Ramin Cəfərov Sport1.az-a açıqlamasında əsas görüşlərə vəsiqə qazanan kişi və qadınlardan ibarət yığmaların nəticələrinin gözlənilən olduğunu söylədi:
"Qarşılaşmalar olduqca gərgin mübarizə şəraitində keçdi. Hər iki komandamızın finala vəsiqə qazanacağına inanırdıq. Çünki yüksək səviyyədə hazırlıq keçmişdik. İdmançılarımız doğma divarlar arasında, öz həmvətənlərinin yanında daha inamlı çıxış edirlər. Rəqiblərimiz güclü idi. Amma sabah bizi finalda Rusiya kimi iddialı komanda gözləyir. Bu kollektiv ilə uzun zamandır üz-üzə gəlmirik. Nəticə bizim üçün də maraqlı olacaq”.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
İLKİN SULTANLI, QƏBƏLƏ
Sport1.az