II Liqanın III turunda "Qaradağ Lökbatan" "Şəki PFK"nı məğlub edərək ardıcıl qələbələrinə davam etdi.
"Qaradağ Lökbatan"ın direktoru Bəbir Həsənov
Sport1.az-a müsahibə verdi...
— Bəbir müəllim, III turda səfərdə güclü “Sheki City” üzərində qələbə qazandınız. Bu nəticəni gözləyirdinizmi?
— Bizi çətin oyunun gözlədiyini bilirdik. Çünki Şəki təmsilçisinin heyətində güclü futbolçular var və onlar bu matçadək keçirdikləri iki oyunda maksimum nəticə qazanmışdılar. Gərgin görüş alındı. Komandamız sona qədər mübarizə apardı və layiqli qələbə qazandı. Bütün kollektivi təbrik edirəm.
— Sizcə, Qəzənfər Abbasov artıq "Qaradağ Lökbatan"da arzuladığınız komandanı formalaşdırıb, yoxsa hələ vaxta ehtiyac var?
— Qəzənfər müəllim yaxşı komanda qurub. Futbolçular meydanda sona qədər döyüşür və qələbə üçün hər şeylərini ortaya qoyurlar. Təbii ki, daha yaxşı olmaq üçün müəyyən vaxta ehtiyac var. Amma əsas məsələ odur ki, baş məşqçimizin işindən razıyıq.
— Hazırkı heyət məqsədləriniz üçün yetərlidirmi, yoxsa yeni transferlər gözlənilirmi?
— Komandada keyfiyyətli futbolçular var və hər oyunda bunu sübut edirlər. Hazırda əlavə transferə ehtiyac duymuruq.
— Qarşınıza çempionluq hədəfi qoymusunuz. Bu məqsədə çatmaq sizcə çətin olacaqmı?
— Əlbəttə, uğur qazanmaq asan deyil, o ki qaldı çempionluq – bu daha da çətin məsələdir. Lakin biz hər oyuna məhz bu motivasiya ilə çıxırıq və son tura qədər bu yolla davam edəcəyik. Bütün klublara uğurlar arzulayıram. İnşallah, ən güclü komanda I Liqaya yüksələcək.
— II Liqaya düşməyiniz azarkeş dəstəyinizə təsir edibmi?
— "Qaradağ Lökbatan" uzun illərdir I Liqada çıxış edir və peşəkar liqalarda ənənəsi olan bir klubdur. Azarkeşlərimizin dəstəyini hər zaman hiss etmişik. Qəsəbədə futbola maraq yüksəkdir. Odur ki, bu mövsümdə də "12-ci oyunçu" dəstəyindən əziyyət çəkmirik. Fanatlarımıza göstərdikləri dəstəyə görə təşəkkür edirəm.
— Əgər gələn mövsüm I Liqaya yüksəlsəniz, baza və infrastruktur baxımından dəyişikliklər planlaşdırırsınızmı?
— Bu barədə indidən konkret nəsə demək çətindir. Amma onu xüsusi qeyd etmək istəyirəm ki, klub olaraq hər zaman peşəkarlaşmağın, inkişafın və yeniliklərin tərəfdarı olmuşuq.
Mirzə S.
Sport1.az