I Liqanın ilk turunda “Səbail” doğma divarlar arasında “Mingəçevir”i qəbul etdi. Sport1.az xəbər verir ki, “dənizçilər” rəqibini məğlub etdi - 2:0.
"İşıqçılar"ın kapitanı Samir Abdullayev görüşlə bağlı bunları söylədi:
“Səbail” ilə oyuna ciddi hazırlaşmışdıq. Məqsədimiz evə qələbə ilə dönmək idi. Qol vurmaq çox imkanlarımız olsa da, onlardan yararlana bilmədik. Şanssızlıq yaşadıq, bəxt də rəqinin tərəfində idi. Amma bundan məyus olmamalıyıq. Hələlik bir oyun keçirib məğlub olmuşuq. Qarşıda bizi daha çətin qarşılaşmalar gözləyir. Bu mövsüm daha ağır keçəcək. Ona görə səhvlərimizdən nəticə çıxarıb uzun marafonda minimum səhvlər edib, maksimum nəticə qazanmağa köklənəcəyik. Hədəfimiz çempionluqdur”.
Mingəçevirlilərin “10 nömrə”si komandanın və oyunçuların hazırlığından da söhbət açdı:
“Çempiona maksimum yaxşı hazırlaşmağa çalışdıq. Təbii ki, müəyyən çatışmazlıqlarımız var. Onlar da oyundan-oyuna aradan qalxacaq. Heyətimizdə də keyfiyyətli, elita təcrübəsi olan yerli-legioner futbolçular var. Sadəcə onların bəzisi hələ arzuolunan formada deyil və uyğunlaşma prosessindədir. Məsələn, Kadiri Mohammed böyük ümidlərlə transfer olunub. Çox keyfiyyətli oyunçudur. Sözüm o ki, həm ona, həm digər üzvlərimizə müəyyən qədər vaxt lazımdır. Əminəm ki, bəlli zamandan sonra onlar gözəl oyunlarını görəcəyik”.
Mirzə S.
Sport1.az