Azərbaycan millisinin təcrübəli forvardı Ramil Şeydayev yenidən “Qarabağ” klubuna qayıdıb. 29 yaşlı hücumçu Ağdam təmsilçisi ilə 1 illik müqavilə bağlayıb və bu mövsümdə 77 nömrəli forma ilə çıxış edəcək.Şeydayev daha əvvəl də iki fərqli dövrdə – 2017-2018 və 2021-2023-cü illərdə "Qarabağ"ın heyətində yer almışdı. O, bu müddət ərzində üç dəfə Azərbaycan çempionu olub, bir dəfə isə ölkə kubokunu başı üzərinə qaldırıb. 2022/23 mövsümündə Premyer Liqada vurduğu 22 qolla mövsümün ən məhsuldar oyunçusu olmuşdu.
Milli komandada keçirdiyi 69 matçda 10 dəfə rəqib qapılarına yol tapan Şeydayev karyerası ərzində Rusiya, Türkiyə, Slovakiya və Tailandda müxtəlif klubların formasını geyinib. O, “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su, “Trabzonspor”, “Kocaelispor”, “Jilina”, “Buriram Yunayted”, eləcə də Azərbaycanda “Sabah” və “Neftçi” komandalarında çıxış edib.
Bu dəfə “Qarabağ”a azad agent statusu ilə qoşulan Şeydayev, “Neftçi” ilə yollarını 6 aylıq kompensasiya qarşılığında ayırıb. Lakin əvvəlki gəliri ilə müqayisədə, yeni klubunda daha aşağı maaş alacaq.
Sport1.az-ın məlumatına əsasən, “Neftçi”də illik 550 min dollar qazanan futbolçunun “Qarabağ”dakı məvacibi bu məbləğin üçdə birindən də az olacaq. Onun bu mövsümdə ümumi qazancı 200 min dolları aşmayacaq.
Qeyd edək ki, “Qarabağ” yay transfer pəncərəsi çərçivəsində artıq Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Joni Montiel və Kamilo Duran kimi altı legioneri heyətinə qatıb.
NİHAT KƏRİMLİ
Sport1.az