"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 2-ci turunda "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
Çətin oyun olacağını bilirdik. "Sabah" avrokuboklarda yaxşı oyunlar keçirmişdi. Bizdən daha yaxşı formadadırlar. İkinci rəsmi oyunumuz idi. Matça pis başladıq. İlk 10-15 dəqiqəni çıxsaq, oyunu bərabərləşdirə bildik. Epizodlar oldu. Dəyərləndirə bilərdik. Bərabərlik qolundan sonra bizim yaxşı fürsətimiz oldu. Amma istifadə edə bilmədik. Əvəzində rəqib standart vəziyyətdən fərqləndi. Futbolçuların "Sabah"a qarşı belə inamlı oynamasını istəyirdik. Məncə, pis alınmadı. İstəyərdik ki, bu gün ən azı 1 xal qazanaq. Buna layiq idik. Çempionat uzun marafondur. Bu gün oyuna 2 itki ilə çıxmışdıq. Bunun təsiri oldu. Növbəti turda ağır "Sumqayıt" səfərinə gedəcəyik. Vaxt da azdır. Həmin matça tam köklənməliyik.
Sport1.az