Bu gün yığmamız DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək. Polşanın Krakov şəhərində millimiz Ukraynanın qonağı olacaq.
Komandamız bu görüşdə qələbə qazana bilər? Qarşılaşmada hansı nəticə qeydə alınacaq? Suallarımızı Vüqar Əsgərova ünvanladıq. Hazırda Latviyada yaşayan millimizin sabiq üzvü mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Fransa ilə ağır oyun keçirdik. Məğlub olsaq da, əzmkarlıq sərgilədik. Ukrayna seçməsi də İslandiya səfərində çox güc sərf edərək layiqli qələbə qazandı. Bu gün bizi Krakovda çətin matç gözləyir. Buna rəğmən, uğur qazanmaq şansımız var. Bakıda rəqibi büdrədərək xal götürməyi bacarmışıqsa, bunu bir daha edə bilərik. Son saniyəyə kimi xarakter göstərmək, döyüşmək lazımdır". Veteran futbolçu yığmamızdakı baş məşqçi dəyişikliyi barədə də danışdı:
"Santuşun Azərbaycanın əsas komandasının sükanı arxasına gətirilməsi əvvəlcədən düzgün deyildi. Onun bir dəfə məşq prosesinə baxdım. Bizə heç uyğun deyildi. Ayxan Abbasova gəlincə, onun işi haqqında indidən nəsə demək tezdir. Millini cəmi iki oyuna çıxarıb. Təbii ki, onun gəlişi ilə yığma futbolçularında əzmkarlıq, ruh yüksəkliyi hiss olunur. Millinin əvvəldən Ayxan müəllim formalaşdırmayıb. Onun görəcəyi çox iş var. İstənilən halda yığmamıza Ukrayna yığması daxil, sonrakı iki matçda da uğurlar arzu edirəm". MİRZƏ S.
Sport1.az