Mahir Emreli şəxsi instaqram hesabında məşq zamanı vurduğu qolu paylaşıb.
Yəni, “baxın, formadayam” mesajını vermək istəyib. Amma bu paylaşım azarkeşlərdə qəzəbə səbəb olur. Ortaya maraqlı sual çıxır: “Niyə bu qolları oyunda vurmursan, ay Mahir?”
Çoxları sənin Azərbaycanın ən istedadlı oyunçusu olduğunu düşünür. Bəlkə də futbolçularımız arasında ən əzmkar olanı da sənsən. Polşa, Xorvatiya, Almaniya kimi ölkələrdə davamlı olaraq oynamaq asan bir iş deyil. Yerli futbolçularımızın əksəriyyəti Avropada yarım, ən yaxşı halda 1 il gəzib, geri dönür. Sən isə 4 ildir təslim olmursan, dayanmadan cəhd edirsən.
Azarkeşin səndən gözləntisi böyükdür. Öz klubunda 6 oyundur meydana çıxmırsan, millidə də son qarşılaşmalarda istəniləni verə bilmirsən. Belə vəziyyətdə məşqdə vurulan qolları paylaşmaq azarkeş üçün təsəlli deyil. Biz sənə inanırıq. Sən də bizim üçün böyük əhəmiyyət daşıyan oyunda qol vuraraq hamını sevindirməlisən. Səncə, çox şey istəyirik?
MİKAYIL HACIYEV
Sport1.az