Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsindəki startı uğursuz alındı. Yığmamız səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub oldu. Debüt matçında alınan ağır məğlubiyyət futbol ictimaiyyətində ciddi narazılıq yaradıb.Veteran futbolçu Paşa Əliyev
Sport1.az-a açıqlamasında nəticəyə sərt reaksiya verdi:
“Həmişə yığmadan gözləntilərimiz qələbə olub. Ən pis halda isə döyüşkən oyuna şahidlik etmək istəmişik. Amma hazırkı reallıq odur ki, meydanda Azərbaycan millisindən əsər-əlamət yoxdur. Qələbə, xal götürmək bir kənara, məzmunlu, əzmkar oyun da yoxdur”.O, AFFA-nın əcnəbi məşqçilərə üstünlük verməsini də tənqid etdi:
“Hələ də mənə çatmır ki, AFFA rəhbərliyi hansı məntiqlə fayda verməyən əcnəbiləri yığmanın sükanı arxasına gətirir. Bununla həm futbol ictimaiyyətində, həm veteran futbolçular, həm də azarkeşlərdə məyusluq və inamsızlıq yaranır. İllərdir Yurçeviçlərə, Byazilərə, Santuşlara milyonlarla pul xərclənir ki, milli meydanda darmadağın olsun? İnanın ki, ən savadsız azərbaycanlı məşqçi belə yığmanın sükanı arxasında olsa, bu cür biabırçılıq olmaz”.Paşa Əliyev əlavə etdi ki, vaxtilə məğlub etdiyimiz millilər indi reytinqdə Azərbaycanın qarşısındadır:
“Əvvəllər heç olmasa döyüşkən futbol sərgiləyib, 4-5 xal qazanırdıq. İndi isə 5-6 top buraxmaqla darmadağın olur, turnir cədvəlinin dibində yer alaraq dünyaya rəzil oluruq. Görünən odur ki, hazırkı federasiyanın apardığı siyasət və əcnəbilərin rəhbərlik etdiyi yığmamız xalqımızı çox məyus edəcək”.Mirzə S.
Sport1.az