Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşa ödənilən vəsait və ümumilikdə futbol sahəsindəki idarəçilik problemləri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Sport1.az xəbər verir ki, ekspertin fikrincə, portuqaliyalının maaşı ilə bağlı ictimaiyyətə heç bir rəsmi məlumat verilməməsi ölkədə şəffaflığın bərbad vəziyyətdə olduğunu sübut edir.
Cəfərlinin sözlərinə görə, müxtəlif mənbələrdə portuqaliyalı mütəxəssisin illik qazancının, bonuslarla birlikdə, 2 milyon avro civarında olduğu qeyd olunur:
"Onunla 4 illik müqavilə bağlanılıb, deməli, sona qədər qalsa 8-10 milyon avro arası maaş, qovulsa da, təxminən bir o qədər təzminat alacaq".O hesab edir ki, bu məbləğlə ölkədə ildə 2-3 keyfiyyətli uşaq futbol məktəbi qurmaq mümkündür. Belə məktəblərdə hər biri 100-dən çox perspektivli uşaq peşəkar məşqlərlə yetişdirilsə, bir neçə il ərzində onlardan milli səviyyədə çıxış edə biləcək azı 11 futbolçu, xarici klublarda legioner kimi oynaya biləcək 15-20 nəfər yetişə bilər.
Natiq Cəfərli qeyd etdi ki, milli komandanın uğur yolu 7-8 yaşlı uşaqların doğru məşqçi və düzgün tədris sistemi ilə yetişdirilməsindən başlayır. Onun fikrincə, bunun üçün Fernandu Santuş kimi bahalı xarici məşqçilərə ehtiyac yoxdur. Üstəlik, bu gün millinin zəif çıxışının əsas səbəbləri Santuşla deyil, daha dərin sistem problemləri ilə bağlıdır:
"Santuş nəticəni dəyişə bilməz, çünki nəticəni yaradan səbəblər ondan asılı deyil".Cəfərli sonda əlavə etdi ki, Azərbaycan futbolunun gələcəyi milyonlarla avro dəyərində müqavilələrdə deyil, futbolu bilən, sevən və milli təəssübkeşliyi olan insanlara güvənməkdədir. Onun sözlərinə görə, bu sahədə islahatlara uşaq yaş qruplarından başlanmalı və mövcud idarəçilik yanaşması köklü şəkildə dəyişdirilməlidir.
Sport1.az