Azərbaycan Kubokunun finall gərgin, dramatik və bol qollu olmağı ilə diqqət çəkdi. "Sabah" bu görüşdə qələbə qazanaraq ilk dəfə titul sahibi oldu.
"Bayquşlar'ın Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponomaryov
Sport1.az-a açıqlamasında əziyyət çəkdiklərini bildirdi:
"Bizi çox çətin oyun gözləyirdi. "Qarabağ"ın gücü bütün Azərbaycana bələddir. Titul qazanmaq üçün son şansımız olduğundan meydanda sona qədər mübarizə aparmağı da gözə almışdıq. Qarşılaşma gözlədiyimizdən də gərgin keçdi. Futbolçularımız həm müdafiədə maksimum az səhvlər etmək, həm də irəli xəttdə səriştəli olmağı bacardı. Rəqibin hesabda irəli çıxmasına rəğmən, ruhdan düşməyərək final fitinə qədər döyüşdük. Oyunu əlavə vaxta apardıq. Burada isə maksimum ehtiyatlı oynayaraq bizə lazım olan zamanı gözlədik. Son dəqiqələrdə qızıla bərabər qolu vuraraq kuboka sahib olduq. Çox sevincliyik. "Sabah" ailəsi bu zəfəri min bir əziyyətlə əldə etdi. Düşünürəm ki, həm veteran futbolçular, həm mütəxəssislər, həm də azarkeşlər baxımlı futboldan zövq aldılar". MİRZƏ S.
Sport1.az