Bu həftə II Liqada yeni mövsümə start veriləcək. Çempionatda diqqət çəkən klublardan biri də bölgə təmsilçisi "Araz Saatlı"dır. Komanda yeni baş məşqçi Elşən Atakişiyevin rəhbərliyi altında mübarizə aparacaq.Klubun prezidenti Ədalət Abdullayev
Sport1.az-a açıqlamasında baş məşqçi seçimində əsas məqsədlərinin bölgədən olan, futbolun inkişafına töhfə vermiş bir mütəxəssisə etibar etmək olduğunu bildirdi:
“Komandamıza baş məşqçi seçimi edərkən çox düşündük. Sonda Saatlıdan olan və uzun illər uşaq futbolunda çalışan Elşən Atakişiyevlə razılığa gəldik. Onun həm uşaq futbolunda, həm rayonumuzda futbolçuların yetişməsində böyük rolu var. Elşən bəy üçün klubda baş məşqçi kimi debüt olsa da, uğurlu olacağına inanıram”, – deyə Abdullayev vurğuladı.
Prezident komandanın hədəflərinə də toxundu:
“Mövsümdəki hədəfimizə gəlincə, sponsorumuz olmadığına görə öz rayonumuzdan olan yerli oyunçulara güvənəcəyik. Onlar arasında klubumuzun yetirmələri olan yeniyetmələr də var. Heyətimizdə 5 futbolçudan başqa hamısı Saatlıdandır. Bu il minimum hədəfimiz çempionatda yerimizi qorumaq, maksimum isə ilk 6-lığa düşməkdir. Hər iki hədəfdən birinə nail olsaq, gələn mövsüm daha iddialı olacağıq. Çünki heyətimizdəki gənc oyunçular təcrübə yığmış olacaq və bununla da daha yuxarı pillələr uğrunda mübarizə apara biləcəyik”.
Mirzə S.
Sport1.az