II Liqada mübarizə aparan “Şahdağ Qusar” mövsüm ərzində məğlub olmayıb və liderliyini davam etdirir. Bölgə təmsilçisi XXI turdan sonra 61 xall toplamaqlarına rəğmən I Liqaya vəsiqəni təmin etsə də, çempionluğunu rəsmləşdirə bilməyib. Qusarlılar sonuncu turda səfərdə “Göygöl”ü 2:0 hesabıyla məğlub edib.
Görüşdə qələbə qolunu çempionatın ən təcrübəli futbolçularından olan yığmamızın sabiq üzvü Rahid Əmirquliyev vurub.
"14 nömrə" qalib gəldikləri oyun barəsində
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Son oyunda “Göygöl”ə qarşı oynadıq. Rəqib turnir cədvəlinin aşağı pillələrində qərarlaşsa da, çətin görüş oldu. Buna baxmayaraq, lazım olan qələbəni qazana bildik. Qol vurduğuma görə sevincliyəm. Mövsümdə məğlubiyyətsiz irəliləsək də, hələ heç nə bitməyib. I Liqaya vəsiqəni təmin etsək də, əsas hədəfimizə çata bilməmişik. Məqsədimiz çempion olmaqdır. Lider olmağımız bizi arxayınlaşdırmamalıdır. Çünki 5 oyuna çox şey dəyişə bilər. Hətta çempionluqdan da ola bilərik. Daha ciddi hazırlaşmalı və qarşıdakı 5 turda maksimum nəticə göstərməklə qızıl medallara sahiblənməliyik".Qeyd edək ki, "Şahdağ Qusar" növbəti oyununu bu gün saat 17:00-da "Ağdaş"a qarşı keçirəcək.
Sport1.az