I Liqanın 3-cü turunda "Baku Sportinq" doğma meydanda debütant "Şimal"ı qəbul etdi.
Sport1.az-ın məlumatına görə, görüş meydan sahiblərinin böyük hesabla (4:1) qələbəsi ilə başa çatdı. Xaçmaz təmsilçisinin yeganə qolunun müəllifi Xəyal Bədirov məğlub olduqları matçla bağlı fikirlərini saytımıza açıqladı:
"Baku Sportinq" səfərindən xalla evə dönmək istəyirdik. Təəssüf ki, meydanda istədiyimiz oyunu sərgiləyə bilmədik. Öz səhvlərimizdən dolayı rəqib 4 dəfə qapımıza yol tapdı. Nə qədər çalışsaq da, 90 dəqiqə ərzində arzuladığımız futbolu göstəməyə müəyəssər olmadıq. 3 turdan sonra hesabımızda cəmi 1 xal var. Təbii ki, bu heç də yaxşı nəticə deyil. Heyətimizdə gənc, təcrübəsiz futbolçular çoxdur. Odur ki, hər tur bizim üçün təcrübədir. Səhvlərimizi analiz edərək qarşıdakı oyunlarda daha yaxşı performans sərgiləyib xal qazanmağa çalışacağıq".
Bölgə klubunun "7 nömrə"si vurduğu qol barədə də söz açdı:
"Matçda qol vursam da, bunun bizə heç bir faydası olmadı. Fərqlənməyimə görə elə də sevincli deyiləm. Mən razıydım ki, qol vurmayım, amma komandam evə 1 xal ilə qayıtsın".
Mirzə S.
Sport1.az