I Liqanın ilk turunda "Səbail" "Mingəçevir"i qonaq etdi."Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov matçla bağlı fikirlərini
Sport1.az ilə bölüşdü.
Ramiz müəllim, komandanız çempionata məğlubiyyətlə başladı. "Səbail" bu qədər güclü idi yoxsa siz zəif təsir bağışladız? - Bayıl təmsilçisi ilə oyuna ciddi hazırlaşmışdıq. Məqsədimiz mövsümə uğurlu nəticəylə başlamaq idi. Amma bu gün bəxt bizim tərəfimizdə olmadı. Çox saylı qol imkanlarımızı, əsas da ilk yarıda real fürsətlərimizdə son nəticəni qoya bilmədik. Rəqib isə qapımıza iki zərbə vurdu ki, hər ikisi qol ilə nəticələndi. "Səbail"i təbrik edirəm, artıq bu matçdan dərs çıxarıb növbəti oyunlarımıza fokuslanacağıq.
Futbolçularınızda arxayınlıq yox idi? - Hazılıq çərçivəsində "Karvan" və "Zaqatala"ya qarşı oyunlarda qələbə qazanmışdıq. Buna görə ola bilər yetirmələrimiz bir qədər rahatlasın. Bu barədə onlara xəbərdar etmişdim. Amma ümumi götürəndə hər şey qaydasındadır. Çempionatın hələ bir oyununu arxada qoymuşuq, mübarizə marafonu uzundur, özümüz daxil bütün klublara uğurlar arzu edirəm.
Sizcə bu ilki I Liqada ötən mövsümlə müqayisədə inkişaf gözə çarpırmı?- Təbii ki, inkişaf var. Elitada legioner limitinin aradan qaldırılması bir çox yerli futbolçuların şans qazanmasını məhdudlaşdırdığından onların çoxu I Liqaya axışdı və hər biri özünə klub tapdı. Bu gedişat həmçinin çempionatda rəqabəti də artıracaq. Ümumi götürən bu mövsüm ötən il ilə müqayisədə ən azı 20% daha gərgin keçəcək.
"Mingəçevir" heyətinə görə legionerlərin çox olduğu klublardandır. Bunun səbəbi nədir? - Səbəb istədiyimiz yerli oyunçuları tapa bilməməyimizdir. Yuxarıda qeyd etdiyim kimi l Liqada hər bir klub elita təcrübəsi olan və karyerası zəngin oyunçuları dərhal heyətinə qatdı. Biz çempionatın gec yığılan komandalarındanıq. Mövsüm bitəndən sonra sərəncamımda olan yerli oyunçular ancaq Elmir Bayramov ötən il çox şans qazananlar idi. Qalanları əsas ehtiyatda olanlar idi. Nə qədər transfer pəncərəsində aktiv olmağa çalışsaq da, bizə lazım olan yerli oyunçuların çoxunu sıralarımıza qata bilmədik. Ona görə də məcbur olub legionerlə razılığa gəldik.
Siz yığmada həmişə yerli mütəxəssislərimizin çalışmasında radikal mövqe sərgiləyən veteran futbolçulardansız. Necə düşünürsüz, Ayxan Abbasovu seçmə mərhələnin sonuna kimi ölkənin əsas komandasını etibar etmək olarmı? - Bəli, Ayxan Abbasov bu posta təyin olunsa, yaxşı olar. O olmasa belə digər seçimlərdə də ancaq yerli məşqçilərimizə üstünlük verilməlidir.
Mirzə S.
Sport1.az