“Qarabağ”ın kapitanı Bədavi Hüseynov 11-ci dəfə Azərbaycan çempionu olub. 34 yaşlı müdafiəçi komandası ilə birlikdə Misli Premyer Liqasının 2024/25 mövsümünün qızıl medalını 32-ci turda təmin edib. 2012-ci ilin yayından Ağdam klubunda çıxış edən Hüseynov bütün titullarını indiki komandası ilə qazanıb. Müdafiəçi bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də Azərbaycan çempionu adına sahib çıxıb.
Bununla da “süvarilər”in kapitanı Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. O, Mahmud Qurbanova məxsus göstəriciyə çatıb.
Sport1.az olaraq futbolumuzun “professor”undan onun rekordunun təkrarlanmasına münasibətini öyrəndik.
“Bədavi Hüseynov uzun müddətdir “Qarabağ”da oynayır. O, Ağdam təmsilçisiylə bir çox uğurlar, o cümlədən çempionluqlar qazanıb. “Qarabağ” illərdir ki, Azərbaycanın dəyişməz çempionudur, tək Bədavi yox. Ağdamlıların heyətində uzun illər oynayan istənilən futbolçu bu rekorda sahib ola bilərdi. Millimizin kapitanının naliyyətimi təkrarlamasını normal qarşılayıram. Statistika olaraq bu göstərici Azərbaycan futbolunun tarixində qalacaq”. Xatırladaq ki, Mahmud Qurbanov “Kəpəz” (1994/95, 1997/98, 1998/99), “Neftçi” (1996/97, 2003/04, 2004/05), “Şəmkir” (1999/2000, 2000/01), “Xəzər Lənkəran” (2006/07), “İnter” (2007/08) və “Bakı”da (2008/09) çempionluq sevinci yaşayıb.
MİRZƏ S
Sport1.az