Deyəsən, AFFA İntizam Komitəsi hər həftə eyni məşqi təkrarlayır: “İmişli”ni cərimələyək!
Qaydaları pozan çoxdur, amma qəribədir ki, İntizam Komitəsi bu kasıb bölgə klubunu sərt şəkildə cəzalandırır.
Belə başa düşürük ki, qərarlar adlara görə dəyişir: “Böyük”lərə bir az elastik, “kiçik”lər üçün isə dəmir kimi sərt.
Premyer Liqanın 5-ci turunun “İmişli” – “Zirə” oyunuda media sektoruna kənar şəxslər giribmiş. Bu səbəbdən də bölgə təmsilçisi 1000 manat cərimə olunub. Bəli, qayda var, amma gəlin bir az ədalətli olaq. İllərdir Premyer Liqada bu eyni halı görürük. Amma hansı “böyük” klub belə bir səbəbdən cəzalanıb? Heç biri! Deməli, problem qaydada yox, münasibətdədir.
Üstəlik, həmin oyunda güclü yağış yağırdı. Azsaylı tamaşaçılar da qaçıb stadionun yeganə bağlı yeri olan media sektoruna sığınmışdı. Normal insan bu vəziyyətdə anlayış göstərərdi. Amma oyunun AFFA nümayəndəsi belə etməyib. Əhsən, çox “ədalətli” yanaşmadır!
Gəlin, başqa sual verək: bu qədər yığılan cərimə pulları hara gedir? Təbii ki, bölgə futbolunun inkişafına, rayon stadionlarının təmirinə yox. Hamı görür ki, həmin pullar futbola deyil, hansısa başqa “işlərə” sərf olunur. Stadionların vəziyyəti göz qabağındadır, bölgə klubları da güclə ayaqda qalırlar. Amma AFFA üçün əsas maraq başqa yerdədir – kresloda rahat oturmaq və cib doldurmaq.
Görünür ki, AFFA-nın gözündə "İmişli" bütün səhvlərin “ideal günahkar”ı rolunu oynayır. Ya da nəyinsə qisası alınır...
HÜSEYN RƏŞADOĞLU
Sport1.az