“Əlimizdən gələnin ən yaxşısını edəcəyik” - Rəşad Sadiqov
“Qarabağ”ın 19 yaşlılardan ibarət komandası UEFA Çempionlar Liqasında iştirak edəcək.
Bununla bağlı komandanın baş məşqçisi Rəşad Sadiqov UEFA Gənclər Liqasında iştirakla bağlı fikirlərini Sport1.az-a bölüşüb.
Sadiqov turnirin böyük əhəmiyyət daşıdığını qeyd edib:
“Çox sağ olun. Bu turnir hamımıza məlum olduğu kimi Çempionlar Liqasının bir hissəsidir. Burada iştirak edən komandalar kifayət qədər güclüdür. Maraqlı oyunlar bizi gözləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Baş məşqçi bildirib ki, hazırlıq prosesi üzərində ciddi işlər görülür:
“Turnirlə əlaqədar olaraq komandamızın təlim-məşq toplanışını planlaşdırırıq. Ən qısa zamanda bu prosesi yekunlaşdırmaq və heç bir boşluq buraxmamaq üçün çalışırıq. Həm rəhbərlik, həm də məşqçilər heyəti ilə məsləhətləşmələr aparılır. Məqsədimiz hazırlığı vaxtında başa çatdırmaq və turnirə tam hazır olmaqdır”.
Transfer məsələsinə də toxunan Sadiqov qeyd edib ki, danışıqlar aparılır:
“Bu barədə danışıqlar gedir. Lakin, indi tam dəqiq bir şey deyə bilmərəm”.