Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun son görüşündə "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib.
Sport1.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Respublika stadionunda keçirilmiş oyun məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
İlk 2 qolu "Sumqayıt" vurub. 21-ci dəqiqədə Bobir Abdixolikov, 52-ci dəqiqədə Ronaldo Vaskes fərqlənib.
Lakin "Neftçi" Bassala Sambunun 60-cı, Andrey Ştoqrinin 87-ci dəqiqədə vurduğu qollarla bərabərliyi təmin edə bilib.
Baş hakim Fərid Hacıyev oyun ərzində qonaq komandanın penalti və qolunu VAR-a baxdıqdan sonra ləğv edib.
Qarşılaşmanın uzatma dəqiqələrində isə iki komandanın futbolçuları arasında gərginlik yaranıb. Referi meydan sahiblərindən Vüqar Mustafayev və Giorgi Karaişvilini, qonaqlardan isə Filip Ozobiçi sarı vərəqə ilə cəzalandırıb.
Bu nəticədən sonra "Neftçi" 36 xalla yenidən 6-cı pilləyə yüksəlib. "Sumqayıt" isə 30 xalla 8-cidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə, "Səbail" "Araz-Naxçıvan"la, "Sabah" "Qarabağ"la heç-heçə edib. Yalnız "Zirə" səfərdə "Kəpəz"i məğlub etməyi bacarıb - 1:0.
Sport1.az